Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin Gürcüstanda qəzaya uğramasının iki mühərrikin ardıcıl sıradan çıxması nəticəsində baş verdiyi ehtimal olunur.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı "A Haber" Müdafiə Nazirliyinə istinadla yayıb.
Məlumata görə, uçuş zamanı əvvəlcə mühərriklərdən biri qəfildən dayanıb və pərvanə idarəolunmaz şəkildə fırlanmağa başlayıb. Ardınca digər qanaddakı mühərrik yağ təzyiqi nasazlığı səbəbindən sıradan çıxıb. Vibrasiya nəticəsində mühərrik hissələrinin qoparaq gövdəyə və idarəetmə sistemlərinə zərər verdiyi, bunun da təyyarənin quyruq və kabinəsinin havada ayrılmasına səbəb olduğu bildirilir.
Qısa zamanda yaranan fövqəladə vəziyyət səbəbindən pilotların təcili siqnal göndərməyə vaxt tapmadığı qeyd edilib.
Qara qutuların araşdırılması davam edir. Raket, PUA və ya xarici müdaxilə versiyaları isə hələlik təsdiqlənməyib.
Milli.Az