Silk Way Group şirkətlər qrupunun baş ofisində regionun aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan Silk Way West Airlines və Azərbaycanın milli poçt operatoru "Azərpoçt" MMC arasında poçt logistikası, hava nəqliyyatı və elektron ticarət daşımaları sahələrində tərəfdaşlığı gücləndirmək məqsədilə əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.
Razılaşma beynəlxalq və daxili yükdaşımalar, poçtun çeşidlənməsi, anbar xidmətləri və logistikanın optimallaşdırılması kimi istiqamətlərdə strateji əməkdaşlıq çərçivəsini müəyyən edir. Hər iki tərəf təcrübə və infrastruktur imkanlarını birləşdirərək, poçt və yük axınlarının səmərəliliyini həm Azərbaycan daxilində, həm də beynəlxalq miqyasda artırmağı hədəfləyir.
Memoranduma əsasən, Azərpoçt beynəlxalq poçt və elektron ticarət bağlamalarının Bakıya və digər istiqamətlərə daşınması üçün Silk Way West Airlines şirkətinin qlobal uçuş şəbəkəsindən istifadə edəcək. Nəticədə Silk Way West Airlines daşımaların həcmini artırmaq imkanı əldə edəcək, Azərpoçt isə ölkə daxilində çeşidləmə, emal və son ünvana çatdırılma xidmətlərini həyata keçirəcək.
Eyni zamanda, bu əməkdaşlıq hər iki tərəfin birgə logistika həlləri və müasir paylama modellərinin tətbiq etməyi planlaşdırdıqları Ələt Azad İqtisadi Zonasında yeni imkanlar yaradacaq. İlkin mərhələ çərçivəsində bütün poçt və e-ticarət bağlamalarının emalı üçün 12.000 kvadratmetr sahəsi olan tam avtomatlaşdırılmış e-ticarət terminalının yaradılması nəzərdə tutulur ki, bu da regional miqyaslı logistika əməliyyatlarının əsasını formalaşdıracaq.
Silk Way West Airlines şirkətinin vitse-prezidenti Vüqar Məmmədov qeyd edib: "Bu əməkdaşlıq Azərbaycanın poçt və logistika infrastrukturunun inkişafında mühüm mərhələdir. Azərpoçt ilə birləşərək biz e-ticarət logistikasında imkanlarımızı daha da genişləndirməyi və Ələt Azad İqtisadi Zonasının regional və qlobal yük axınları üçün əsas mərkəzə çevrilməsinə töhfə verməyi hədəfləyirik".
"Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib: "Silk Way West Airlines ilə əməkdaşlığımız beynəlxalq poçt əməliyyatlarının səmərəliliyini və sürətini əhəmiyyətli dərəcədə artıracaq, müştərilərimizə həm ölkə daxilində, həm də xaricdə daha çevik və etibarlı çatdırılma xidmətləri təqdim etməyə imkan verəcək. Gələcəkdə Silk Way West Airlines və Azərpoçt rəqəmsal, əməliyyat və infrastruktur layihələri vasitəsilə əməkdaşlığı daha da dərinləşdirməyi, Azərbaycanın Şərqlə Qərbi birləşdirən mərkəzi logistika qovşağına çevrilməsi məqsədini dəstəkləməyi planlaşdırır".
Silk Way West Airlines haqqında
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük dövriyyəsini idarə edir.
Azərpoçt haqqında
Azərbaycanın yeganə milli poçt operatoru olan "Azərpoçt" MMC ölkə əhalisinin bütün təbəqələrinə və biznes subyektlərinə münasib tariflərlə poçt, e-ticarət və maliyyə xidmətləri təqdim edir. 1000-dən çox poçt şöbəsini əhatə edən geniş xidmət şəbəkəsi sayəsində şirkət ölkə üzrə etibarlı və effektiv poçt xidmətlərinin göstərilməsində mühüm rol oynayır.
Azərpoçt avtomatlaşdırma, rəqəmsallaşma və e-ticarət logistikası sahəsində infrastrukturunu modernləşdirməyə davam edir. Maliyyə xidmətləri, innovativ İT həlləri və beynəlxalq poçt tərəfdaşlıqlarını inteqrasiya etməklə, şirkət Azərbaycanın müasir və rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyən tammiqyaslı logistika və maliyyə operatoruna çevrilir.
Milli.Az