Ölkə bu ailənin faciəvi ölümündən DANIŞIR - FOTOlar

16 Noyabr 2025 15:56

Almaniyadan Türkiyəyə səfər edən dördnəfərlik ailənin İstanbulda baş verən faciəvi ölümü Türkiyə gündəmində rezonans yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ailə 9 noyabrda İstanbulun Fatih rayonundakı hoteldə yerləşdikdən sonra 11 noyabrda Ortaköydə səyyar satıcıdan midye, daha sonra isə restorandan müxtəlif yeməklər alıb. Həmin gecə ana Çiğdem Böcek üçyaşlı qızının hərəkətsiz olduğunu görüb və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Ailənin bütün üzvləri xəstəxanaya aparılsa da, iki azyaşlı uşaq və ana tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. Ata Servet Böcek isə süni nəfəs aparatında müalicə olunur.

İlkin araşdırmalar zamanı həm qida zəhərlənməsi, həm də hoteldə həyata keçirilən dərmanlama şübhəsi üzərində dayanılıb. Hotelin bir otağında 11 noyabrda kimyəvi dərmanlama aparıldığı müəyyən edilib və istifadə edilən maddələrin insan sağlamlığı üçün təhlükəli ola biləcəyi ehtimalı irəli sürülüb.

Sağlamlıq və Kənd Təsərrüfatı idarələrinin mütəxəssisləri dərmanlama zamanı tətbiq olunan maddələrdən nümunələr götürərək laboratoriyaya göndərib. Eyni zamanda ailənin qida qəbul etdiyi obyektlərdən də nümunələr götürülüb.

Hadisə ilə bağlı hotelin bir əməkdaşı, dərmanlama şirkətinin iki əməkdaşı və ailənin qida aldığı məkanlarla bağlı dörd nəfər daxil olmaqla ümumilikdə 7 nəfər saxlanılıb. Araşdırmalar çərçivəsində hotel tam şəkildə möhürlənib və bütün müştərilər təxliyə edilib.

İstanbul Vilayət Sağlamlıq Müdiri Abdullah Emre Güner bildirib ki, eyni hoteldə qalan iki turist də bu gün zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib və vəziyyətləri stabildir. Üçüncü şəxsin isə müşahidə altında saxlanıldığı açıqlanıb.

Milli.Az