"Bu vaxta qədər düz yaşamamışam" - Vəfa Zeynalova sirlərini etiraf etdi

16 Noyabr 2025 00:37

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Milli.Az xəbər verir ki, proqramın budəfəki buraxılışının qonağı Əməkdar artist, aktrisa Vəfa Zeynalova olub.

O, canlandırdığı obrazlardan, kafe açmağın onun həyatına gətirdiyi dəyişikliklərdən, övladları ilə münasibətindən, eləcə də gənc qalmasının sirlərindən danışıb.

Biznesi ilə bağlı sualı cavablandıran Əməkdar artist qeyd edib ki, kafe işlətməyə başlayandan sonra insanlarla ünsiyyətdə olmağın nə qədər vacib olduğunu anlayıb:

"Gün ərzində bir neçə nəfərlə ünsiyyətdə olduqdan sonra gördüm ki, bu vaxta qədər düz yaşamamışam. Sən demə insanlarla ünsiyyətdən qaçmaq lazım deyilmiş. Onların dərdlərini, problemlərini, fikirlərini, həyata baxışlarını dinləmək məni çox dəyişdi".

Uşaqların tərbiyəsində valideynlərin roluna da münasibət bildirən aktrisa söyləyib ki, onlara "yox" sözünü deməyi bacarmaq lazımdır:

"Özüm də qadağalarla böyümüşəm. Bilmişəm ki, nəyi etmək olar, nəyi yox. Rəfiqələrim evimə qonaq gələndə, uşaqlarımın bizim söhbətimizə müdaxilə etməyə ixtiyarları yox idi. İndi isə görürəm ki, hansısa rəfiqəmlə söhbət edəndə, onların uşaqları bizə imkan vermir. Qoy mənə "geridəqalmış" desinlər, amma uşaq öz yerini bilməlidir".

Milli.Az