Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində dünya şöhrətli "Geşer" teatrının (İsrail) Fransanın Les Gemeaux teatrı ilə birgə iki il əvvəl yaratdığı "Anna Karenina" tamaşası böyük uğurla nümayiş etdirildi. 2024-cü il 6 mart tarixində vəfat edən əfsanəvi litvalı rejissor Rimas Tuminasa məxsus bu tamaşa Bakı İncəsənət Festivalı BIAF 2025 çərçivəsində təqdim olundu.
Tamaşa tam dolu zalda baş tutdu və festivalın mədəni proqramının əsas hadisələrindən birinə çevrildi. İzləyicilər Lev Tolstoyun klassik romanının dərin və qeyri-adi yozumunun şahidi oldular. Tuminasa məxsus müəllif dəst-xətti - özünəməxsus qroteskin zərif psixologizm ilə qovuşması - əsərə güclü, çağdaş və müasir nəfəs verdi.
Rus klassikasının ən mühüm teatr təfsirçilərindən olan Tuminasa bu tamaşası ilə 2021-ci ildə Moskvanın E.Vaxtanqov adına Dövlət Akademik Teatrında səhnələşdirdiyi, hələ də əldə edilməsi çətin olan beş saatlıq epik "Müharibə və Sülh" premyerasından sonra Tolstoyla sənət dialoqunu davam etdirdi. Moskva ictimaiyyəti tərəfindən ehtiramla qarşılanan həmin əsər bu gün də şəhərin ən çox arzu olunan tamaşalarındandır.
"Anna Karenina" da "Müharibə və Sülh" kimi musiqi-plastik refrenlər üzərində qurulub; hər qəhrəmanın özünəməxsus vizual və intonasiya xətti var. Səhnə tərtibatı minimalizmi ilə seçilir: hadisələr yığcam qara-ağ məkanda cərəyan edir.
"Geşer" teatrının baş direktoru Lena Kreyndlina kollektiv üçün bu işin xüsusi dəyərini vurğuladı:
"Bu gətirdiyimiz tamaşa bizim üçün çox dəyərlidir, çünki bu, Rimas Tuminasa məxsus tamaşadır. O, bizdə cəmi iki il çalışdı, təəssüf ki, yalnız iki il... və bizə belə bir irs qoyub getdi. Birdən anladım ki, bu gün bizim ən vacib tamaşamız məhz budur. Çünki o... İnsan..."
Aleksey Karenin rolunu ifa edən aktyor İsraël Demidov isə səhnə əsərinin fəlsəfi qatına toxundu:
"Anna Kareninanın faciəsi ondadır ki, o, nə istədiyini tapa bilmir. Daha dəqiqi, nə istəməli olduğunu özü də bilmir. Ümumiyyətlə, həm roman, həm də bizim tamaşa əbədi bir mövzudan - münasibətlər böhranı yaşayan qadın və kişi arasındakı mübarizədən bəhs edir."
"Geşer" teatrının Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsindəki uğurlu çıxışı BIAF 2025 Bakı İncəsənət Festivalının dünya teatr icmasının aparıcı mərkəzlərindən biri kimi yüksək beynəlxalq statusunu bir daha təsdiqlədi.