"Napoli"nin heyətində ciddi itki - "Qarabağ"a qarşı oyunda olmayacaq

14 Noyabr 2025 20:24

"Napoli"nin yarımmüdafiəçisi Andre Zambo-Anqissa zədələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Anqissa Kamerun millisinin heyətində zədələnib. Onun sol dizaltı əzələsində ciddi zədə aşkarlandığı qeyd olunub.

29 yaşlı yarımmüdafiəçinin üç-dörd ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Anqissa bu mövsüm A Seriyası və Çempionlar Liqasında 15 matçda dörd qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne və mərkəz hücumçusu Romelu Lukaku oxşar zədələrə görə sıradan çıxıblar, futbolçuların heç birinin yeni mövsümə qədər yaşıl meydanlara qayıtması gözlənilmir.

Xatırladaq ki, "Napoli" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda noyabrın 26-da öz meydanında "Qarabağ"la qarşılaşacaq.

Milli.Az