Rəqsanənin qızı gözəllik salonunda işləməsindən DANIŞDI

14 Noyabr 2025 19:30

Müğənni Rəqsanənin qızı Yağmur (Yana) sosial şəbəkədə yeni paylaşımı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, o, uzun müddətdir gözəllik salonunda çalışdığını açıqlayaraq haqqında yayılan şayiələrə aydınlıq gətirib.

Yağmur bildirib ki, artıq bir ildən çoxdur prestijli bir gözəllik mərkəzində administrator kimi fəaliyyət göstərir və hazırda həmin salonda baş administrator vəzifəsini icra edir. Onun sözlərinə görə, bu mövqeyə tamamilə öz zəhməti ilə yüksəlib:

"Anam da işimdən xəbərdar idi və bununla qürur duyurdu. Mən bu işi öz istəyimlə seçdim, çünki öz gücümlə ayaqda durmaq istəyirdim. Mən supermarketdə və ya mağazada işləmirəm - hörmətli bir gözəllik salonunda baş administratoram."

O, həmçinin barəsində yayılan yanlış məlumatlara münasibət bildirib:

"Bu, mənim maliyyə çətinliyi içində olduğum anlamına gəlmir. İşləmək ayıb deyil, ayıb olan valideynlərin çiynində yaşamaqdır. Ailə üzvlərim - anam, atam və bacım hər zaman yanımda olublar."

Yağmur sosial şəbəkələrdəki əsassız şərhlərə də etiraz edib:
"Postlarımın altında 'tərk edilib', 'pis vəziyyətdədir' kimi şərhlər yazılır. Bu, nə doğru, nə də hörmətlidir. Xahiş edirəm, artıq bu mövzunu uzatmayın."

O, heç vaxt heç bir peşəni aşağılmadığını, mağaza və marketdə çalışan insanlara böyük hörmətlə yanaşdığını da vurğulayıb.

Yağmur paylaşımının sonunda izləyicilərinə müraciət edərək əlavə şayiələrin yayılmamasını xahiş edib:

"Zəhmət olmasa, bu hekayəni burada bitirək."

Musa
Milli.Az