Daxili İşlər Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları istehlakçıların hüquqlarını qorumaq və təhlükəsiz ərzaq satışını təmin etmək üçün birgə nəzarət tədbirlərini davam etdirir.
Növbəti əməliyyat zamanı Nizami rayonunda yerləşən ərzaq anbarlarından birində fəaliyyət göstərən ət kəsimi yerində mənşəyi bəlli olmayan və qidaya uyğunluğu şübhə doğuran ət satışının aparıldığı üzə çıxıb. Bu qanunsuz fəaliyyətə görə məntəqənin sahibi Elnur Ağayev və onun nəzarəti altında çalışan Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov saxlanılıb. Obyektdə aparılan baxış zamanı təxminən iki ton keyfiyyət standartlarına uyğun olmayan ət aşkar edilib.
Aparılan araşdırmalar göstərib ki, Elnur Ağayev və digərləri xəstə və təsərrüfat üçün yararsız hala düşmüş iribuynuzlu heyvanları ucuz qiymətə alaraq emal edib keyfiyyətli ət adı ilə satışa çıxarıb. Aşkarlanan ət nümunələri laboratoriya yoxlanışı üçün Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunub və ekspertizalar həmin məhsulun qidaya tam yararsız olduğunu təsdiqləyib.
Araşdırmalar davam etdirilir.
Milli.Az