Toy karvanında “avtoş”luq edib yola pul səpdilər - VİDEO

14 Noyabr 2025 10:45

Qubada toy karvanının iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasını əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.

Milli.Az-ın məlumatına görə, görüntüləri jurnalist Dəyanət Babayev paylaşaraq ictimailəşdirib.

Videodan görünür ki, bir neçə avtomobil Qubanın mərkəzi küçələrində bəy-gəlin maşınını müşayiət edərkən avtoxuliqanlıq edir, nəqliyyatın hərəkətinə mane olur. Hətta maşınlardan birində olan şəxs yola pul da səpir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional bölməsi bildirib ki, yayılan görüntülərlə bağlı araşdırmaya başlanılıb.

Xatırladaq ki, Azərbaycanda toy karvanlarında qayda pozuntularının qarşısını almaq üçün uzun müddətdir maarifləndirici tədbirlər keçirilir. Buna baxmayaraq, hələ də bənzər mənfi hallara rast gəlinir.

Elə bir neçə gün əvvəl, Quba rayonunda toy karvanında baş verən ağır yol-nəqliyyat hadisəsi 23 yaşlı gəncin həyatına son qoymuşdu.

Milli.Az