İsveçrədə Azərbaycan mədəniyyətinin və Zəfərin sədası - FOTO

14 Noyabr 2025 10:35

İsveçrənin paytaxt Bern şəhərində 8 Noyabr - Zəfər Gününə və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan "Azadlıq yolu" ("Path of Liberty") adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirdə iştirak edib. 

Komitə sədri Fuad Muradov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi dövründə diaspor siyasətinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini qeyd edib, Birinci Vitse-prezident Mehriban Əliyevanın milli-mədəni dəyərlərimizin beynəlxalq aləmdə təbliğinə verdiyi mühüm töhfələri xatırladıb.

Komitə sədri dünya azərbaycanlılarının şanlı Zəfərimizin beşilliyini böyük coşqu ilə qeyd etdiklərini, Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanıdılması üçün uğurlu layihələr həyata keçirdiklərini diqqətə çatdırıb. Bildirib ki, mədəni diplomatiya dövlətlər arasında etimadın möhkəmlənməsinə, qarşılıqlı anlayışın dərinləşməsinə və dayanıqlı dostluq münasibətlərinin formalaşmasına mühüm təsir göstərir və xaricdəki Azərbaycan icmaları bütün fəaliyyətlərində bu amilə üstünlük verirlər.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində və xalqımızın humanitar dəyərlərinin tanıdılmasında diasporun əvəzsiz roluna diqqət çəkib, mədəni tədbirlərin ölkəmizin təbliğinə böyük töhfələr verdiyini bildirib.

Xəzər Alp Cəmiyyətinin rəhbəri Məryəm Qulamova cəmiyyətin həyata keçirdiyi layihələrin ölkələrimiz arasında mənəvi körpülərin qurulmasına təsir etdiyini söyləyib, Azərbaycan mədəniyyətinin Avropada incəsənət proqramları və festivallarla yanaşı, elmi səviyyədə də tanıdılmasının əhəmiyyətini vurğulayıb. 

Tədbirdə Almaniyada yaşayan bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyevin "Müasirlik və Arxaika: XX əsr Azərbaycan musiqi mədəniyyəti üç imperiya kontekstində" adlı monoqrafiyasının da təqdimatı keçirilib. Müəllif çıxış edərək monoqrafiya barədə ətraflı məlumat verib. Azərbaycanın tarix və mədəniyyətinin çətin mərhələlərdən keçdiyi 200 illik dövründən bəhs edən kitab alman dilinə tərcümə olunub və "Transcript-Verlag (Bielefeld)" nəşriyyatında çapdan çıxıb. Nəşr Azərbaycanın və Almaniyanın bir çox məşhur kitabxanalarına paylanıb.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin l katibi Sara Abbasovanın moderatorluğu ilə baş tutan tədbir bədii hissə ilə davam edib. 

Bədii hissədə Üzeyir Hacıbəylinin "Aşıqsayağı", "Arazbarı", "Sənsiz" və "Sevgili canan" əsərləri, Elmir Mirzəyevin Xocalı soyqırımına həsr etdiyi "İthaf" əsəri, Almaniyada fəaliyyət göstərən soprano Mara Hüseynova, "Berner Klaviertrio" musiqi qrupunun üzvləri - skripkaçı Roman Filipov, violonçel ifaçısı Pierre Deppe və pianoçu İqor Andreevin çıxışları, Qarabağ Universitetinin dekanı, bəstəkar Türkər Qasımzadənin bəstələri yer alıb. Səsləndirilən əsərlər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.  

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin dəstəyi, İsveçrədə fəaliyyət göstərən Xəzər Alp Cəmiyyətinin (Caspian-Alpine Society) təşkilatçılığı ilə baş tutub.

Milli.Az