“Bu gün hakimlik bizə qarşı idi” - Ayxan Abbasov

13 Noyabr 2025 23:58

Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində növbəti görüşünü keçirib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv İslandiya ilə qarşılaşıb. "8-ci km" stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az xəbər verir ki, matçdan sonra millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

"Xal qazanmaq istəyirdik. Buna inanırdıq. Təəssüf ki, uduzduq. Rəqibin gücü bəlli idi. Bilirdik ki, onlar bu görüşə son oyun kimi baxırdılar. Yaxşı komandadır. Ukrayna ilə müqayisə etsək, komanda olaraq daha yaxşı təsir bağışlayır. İkinci hissə daha yaxşı olduq. Birinci hissədə fürsətlər oldu, soyuqqanlı olsaydıq, vura bilərdik. Sadə qollar buraxdıq. İtkilər və yeni oyunçularımız var idi. Sona qədər mübarizə apardıq. Fransa ilə son oyunumuz qalıb. Ona hazırlaşacağıq".

- Rəqibin baş məşqçisi dedi ki, Azərbaycan ikinci hissədə daha yaxşı idi. Mümkün penalti epizodu haqda fikriniz necədir?

- Bəhanə kimi fikir bildirmək istəmədim. Bu gün hakimlik bizə qarşı idi. Rüstəm Əhmədzadənin sarı vərəqə epizodu oldu. Təəssüf ki, oyunu buraxacaq. Orada, məncə, penalti var idi. Emin Mahmudova təşəkkür edirəm. Bir məşqlə bu ağır oyunda oynadı. Onun oynaması vacib idi. Müdafiəçilərimizin birinci hissədəki daha soyuqqanlılığı çatmadı. Rəqibin gümrah olmasından irəli gəlirdi.

- Rüfət Abbasovun oyununu necə qiymətləndirirsiniz?

- Rüfəti bu gün qazandıq. Onu, Xəyal Əliyevi də. İnanıram ki, gələcəkdə də belə davam edərlər.

- Niyə künc və standart zərbələri asmalar edirdik, yerlə ötürmələr etmirdik?

- Rəqibin boşluqları var idi. Təəssüf ki, biz yaxşı icra etmədik. Deməzdim ki, onlar müdafiədə o qədər yaxşı idilər. Ən boşluq olan yerlərindən biri standart vəziyyət idi.

- "Qarabağ"da mütəmadi çıxış etməyən Abbas Hüseynov bu gün start heyətində yer aldı. Sırf Abbasın oynamasının xüsusi səbəbi var?

- Ona qalsa, bir çox futbolçular oynamır. Abdulla Xaybullayev də oynamır. O yaxşı idi, ona görə.

- Fransa ilə oyun öncəsi heyətdə dəyişikliklər çox olacaq?

- Biz bu iki oyuna hazırlaşanda, beynimizdə fikir var idi. Rüstəm Əhmədzadənin vərəqə limitinə düşməsi planları pozdu. Dəyişiklik olacaq. Duruma da baxacağıq. Bilirik rəqib Fransadır, bu haqda danışmağa dəyməz. Səfərdə də onlarla mübarizə apardıq. Bu gün gerçək var ki, qrupdakı rəqiblər bizdən güclüdür. Qəbul etmək istəmirik, amma çox çətin qrup idi. Futbolçular üçün son matçlar vacibdir. 

-Fernandu Santuşun dövründə milli D liqasına yuvarlandı. DÇ-2026-nın seçmə mərhələsində 1 xal qazanıb. Millidən irəliləyiş gözləməyə dəyər?

- Olar. Buna inanırıq. Ruhdan düşmək lazım deyil. Hələ komandamız da gəncdir, get-gedə də gəncləşir. Birinci məqsəd olmalıdır ki, C liqasına qayıdaq. Bu oyunlara o baxışla da yanaşırıq. Çünki ora tam hazır olmaq lazımdır. Gələcəyin işidir. Millidə böyük nəticə haqda fikirləşmək tezdir. Amma çalışmaq lazımdır.

- Fransa ilə oyunöncəsi heyətlə bağlı nə düşünürsünüz?

- Emin Mahmudov, Elvin Cəfərquliey böyük itkidir. Heyət geniş də deyil. 70-75 dəqiqə oynayacağını fikiləşirdik. Amma ikinci matçı da fikirləşdik. Zədəsi sağalıb. Lakin bilirdik ki, "Neftçi"də 1 məşq edib, derbi oynamışdı. Fransa ilə görüşdə 60-65 dəqiqə oynamaq gücü olacaq.

Milli.Az