Çanaqqalədən texniki baxış üçün Xorvatiyaya gedən iki ədəd AT802 tipli yanğınsöndürmə təyyarəsindən biri ilə əlaqə kəsilib. Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı pilotun şəhid olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus təyyarələr Zaqreb şəhərində planlaşdırılmış texniki baxışa gedirmiş. Lakin hava şəraiti pisləşdiyi üçün Reyeka hava limanına geri dönərkən onlardan biri ilə rabitə kəsilib.
Nazirlik hadisə ilə bağlı bu açıqlamanı yayıb:
"2 ədəd AT802 tipli yanğınsöndürmə təyyarəmiz 12 noyabr çərşənbə günü saat 10:24-də Çanaqqaladan havaya qalxaraq Xorvatiyanın Zaqreb şəhərinə istiqamətlənib. Hava şəraiti səbəbindən təyyarələr gecəni Reyeka Hava Limanında keçiriblər. 13 noyabr cümə axşamı günü, saat 17:38-də Zaqreb istiqamətində yenidən havaya qalxıblar. Lakin hava şəraiti pisləşdiyi üçün Reyekaya geri dönməyə qərar veriblər."
Bildirilib ki, Xorvatiya rəsmi qurumları ilə birgə axtarış-xilasetmə əməliyyatı başladılıb. Axtarışlar nəticəsində bu gün axşam təyyarənin qalıqlarına çatılıb və təəssüf ki, pilot şəhid olub.
Bu hadisə, Gürcüstanda hərbi kargo təyyarəsinin qəzaya uğraması nəticəsində 20 türk hərbçisinin şəhid olmasından cəmi bir gün sonra baş verib.
Air Tractor AT-802 əvvəlcə kənd təsərrüfatı məqsədilə istehsal edilsə də, bu gün meşə və ərazi yanğınları ilə mübarizədə geniş istifadə olunur.
Təyyarə Pratt & Whitney PT6A seriyasından olan 1350-1600 at gücündə turboprop mühərriklə təchiz edilib və təxminən 3.100 litr su və ya yanğınsöndürmə kimyəvi maddəsi daşıya bilir.
Onun "Fire Boss" adlı amfibik modeli su səthinə enib qalxa bilmə qabiliyyətinə malikdir. Bu xüsusiyyət sayəsində təyyarə göl və dənizlərdən cəmi 20-30 saniyə ərzində su götürə bilir və yanğınlara çox qısa müddətdə müdaxilə etmək imkanı yaradır.
Yüksək çevikliyi və aşağı məsrəfi səbəbindən AT802, dünyada kiçik və orta miqyaslı yanğınlarda ən çox seçilən yanğınsöndürmə təyyarələrindən biridir.
Lalə Qüdrətova
Milli.Az