“Deyirdi “əlindən güclə qaçdım” - Xəyalənin anası - FOTO

13 Noyabr 2025 20:52

Xəbər verdiyimiz kimi, 2016-cı ildə Cəlilabadda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub.

Milli.Az xəbər verir ki, mərhumun anası Zərifə Xəlilova "Qafqazinfo"ya bildirib ki, qızı 9 il öncə qonşuları hərbi xidmətdən dönərkən onun yığıncağında iştirak edib.

Sonuncu dəfə Xəyaləni həmin vaxt görüb:

"Özü hər yeri tanıyırdı, vaxtında evə gəlirdi. Hava qaralmamış saat 3 filan olanda gəlirdi evə. Mən bilmirdim bu gün Elnurun anasıgil gəldilər dedilər ki, mənim uşağımı şikayət etmisən. Dedim mən bilmirəm. Amma axtarılsın, tapılsın. Nə zamanadək içimdə yanacağam?"

Mərhumun anası bildirib ki, qızı ona həmin şəxs tərəfindən əvvəl də hücuma məruz qalması haqda danışıbmış:

"Bağça tərəfdə işləyirdim. Məni qarşılamağa gələndə qızı tutubmuş. Deyirdi "əlindən güclə qaçdım".

Z.Xəlilova deyib ki, Xəyalə itkin düşəndən sonra dəfələrlə evinə də hücum olunub:

"Xəstəxanada yatdım, evə gəldim ki, evə girib kimsə. Bir neçə dəfə də evimizi daşlayıblar. Oğlum bu söz-söhbətlərə görə Bakıya qaçdı getdi. Bilmirəm bizi incitmək istəyən kimdir. Yoldaşım rəhmətə gedəndən sonra Xəyalənin başına o işləri gətirdilər. Yoxsa onun sağlığında edə bilərdilər?"

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün basdırmasına əsaslı şübhələr müəyyən edilib.

E.Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Milli.Az