Beynəlxalq Muğam Mərkəzində növbəti "Muğamat axşamı" konserti baş tutub.
Konsert proqramında Əməkdar artistlər Səbuhi İbayev, Sevinc Sarıyeva, Ehtiram Hüseynov, eləcə də BMM-nin solistləri Səbinə Ərəbli, Nisbət Sədrayeva, Mirələm Mirələmov və Məmməd Nəcəfov çıxış ediblər.
Sənətkarların ifasında "Şüştər", "Dilkəş", "Segah", "Çahargah" muğamlarından parçalar, xalq mahnıları və təsniflər səsləndirilib. Zəngin musiqi proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanıb.
Xanəndələri BMM-nin solistlərindən ibarət instrumental ansambl müşayiət edib. Ansamblın tərkibində: tarda - Rüstəm Müslümov, kamançada - Toğrul Əsədullayev, qanunda - Məhta Məhəmmədəlizadə, nağarada - Siyavuş Kərimov, balabanda - Rafael Əsgərov, zərb alətlərində isə Səyyar Teymurov və Vahid Süleymanov çıxış ediblər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi tərəfindən reallaşdırılan "Muğamat axşamı" konsertləri Azərbaycan milli musiqisinin təbliğinə yönəlib. Muğam sənətinin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan layihə sənətsevərlər arasında böyük maraqla qarşılanır. "Muğamat axşamı" və "Muğam dəstgahları" adlı konsert proqramları ayda iki dəfə tamaşaçıların ixtiyarına təqdim olunur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az