Hərbi əməliyyatlar başladığı dövrdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından 300 nəfərlik xüsusi təyinatlı qrupun seçilməsi tapşırılıb.
Milli.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
Elşad Hacıyevin sözlərinə görə, həmin vaxt sırada 600 nəfər xüsusi təyinatlı dayanıb və komandanlıq "yalnız 300 könüllü irəli çıxsın" əmri verib. Lakin bir anın içində bütün 600 nəfər eyni anda bir addım önə çıxaraq "Hazırıq!" deyib.
DİN rəsmisi qeyd edib ki, bu, sadəcə bir tapşırığın icrası deyil, Vətənə sədaqətin, fədakarlığın ən ali nümunəsi idi.
Elşad Hacıyev bildirib ki, o əməliyyatlara yollanan igidlərdən 29 nəfəri Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
"Onlar sadəcə döyüşçü deyildilər, onlar xalqımızın şərəf tarixində adını qızıl hərflərlə yazdıran qəhrəmanlardır", - deyə DİN rəsmisi vurğulayıb.
Milli.Az