Amerikalı psixoloq Mark Trevers cütlüklərin bal ayı dövründə ən çox yol verdikləri səhvlərdən birini açıqlayıb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis bu barədə Forbes üçün yazdığı məqaləsində danışıb. O, "Abilene paradoksu" adlanan vəziyyəti əsas səbəb kimi göstərib.
Treversin sözlərinə görə, bu paradoks o zaman yaranır ki, insan əslində istəmədiyi bir şeyi yalnız tərəfdaşının bunu istədiyini düşündüyü üçün edir.
"Bu hal çox vaxt qrup davranışında müşahidə olunur, lakin münasibətlərdə də özünü göstərə bilər. Əgər diqqətli olmasanız, romantik tətiliniz əsl zövq yerinə, heç kimin istəmədiyi, məcburi fəaliyyətlərin zəncirinə çevrilə bilər", - deyə psixoloq bildirib.
Bal ayında necə baş verir?
Ekspertin fikrincə, bu paradoks bal ayı zamanı cütlüklərin bir-birinə xoş gəlmək istəyi ilə əslində istəmədikləri fəaliyyətlərə razı olduqları hallarda ortaya çıxır.
"Məsələn, siz tərəfdaşınızın səhər gəzintisinə çıxmaq istədiyini düşünürsünüz, halbuki o da sizin kimi yatmaq istəyir. Belə hallar zamanla narazılıq yaradır və yaxınlığı azaldır."
Treversin tövsiyələri:
Gözləntiləri əvvəlcədən müzakirə edin.
Səyahətdən öncə hər iki tərəf öz istəklərini açıq danışmalı, planlar razılaşdırılmalıdır. Bu, balanslı və hər iki tərəfi razı salan bir proqram yaratmağa kömək edir.
Dəyişikliklərə açıq olun.
Planlar hər zaman dəyişə bilər. Gün ərzində bir-birinizə necə hiss etdiyinizi soruşmaq, hər şeyə razı olma məcburiyyətini aradan qaldırır. Əsas odur ki, hər iki tərəf istirahətdən zövq alsın.
Psixoloq sonda əlavə edib:
"Bal ayı toydan öncəki yorucu hazırlıqlardan sonra rahatlama vaxtıdır. Onu başqalarına bənzətməyə çalışmayın, səyahətinizi hər ikinizin istəklərinə uyğun planlaşdırın".
Hüseyn
Milli.Az