Tanınmış aktyor karton satır? - Özündən açıqlama

13 Noyabr 2025 10:09

Türkiyənin tanınmış aktyoru Metin Keçeci son günlər sosial mediada yayılan görüntülərlə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, "Çox Gözəl Hərəkətlər Bunlar" proqramı ilə tanınan sənətçi bir müddətdir yaşadığı maddi sıxıntılarla mübarizə apardığını bildirib.

Keçeci bu yaxınlarda zibil qutusunun yanında karton toplayarkən görüntülənib. Kadrlar sosial şəbəkələrdə maraq doğurub. O, yayılan görüntülərlə bağlı açıqlama verərək həmin anların pərdəarxasından danışıb.

Metin Keçeci bildirib ki, o, hər zaman sadə həyat tərzi sürüb və ictimai nəqliyyatdan istifadə etməyə davam edir. "Marketdən karton aldım, dayanacağa getdim. Mən hər zaman xalqın içindən biri olmuşam və elə də qalacağam. Dayanacaqda sıxlıq idi, kartonlarla avtobusa minməyin ayıb olub-olmadığını düşündüm" deyə aktyor söyləyib.

Sənətçi həmçinin görüntülərin ona dostu tərəfindən göndərildiyini bildirib. "Evdə olanda bir aktyor dostum mənə həmin görüntüləri yolladı. Üzərinə dramatik musiqi qoyublar. Mən adi bir vətəndaşam, sadəcə Metin Keçeciyəm. İşimiz bizi bir qədər görünən edir, amma mən yenə də ictimai nəqliyyatdan istifadə edirəm" deyib.

Keçeci əlavə edib ki, həyatı boyu zəhmətlə dolanıb və heç vaxt kiminsə ona acıması ilə yaşamaq istəməyib. "Mən bazarda da işlədim, sürücülük də etdim, lazım olanda qab da yudum. Heç vaxt utanmadım. İşləmək mənim üçün şərəfdir" sözlərini deyib.

Xatırladaq ki, Metin Keçeci bu yaxınlarda TRT 1-də yayımlanan "Vefa Sultan" serialının heyətinə qatıldığını açıqlaylb.

İsmayıl
Milli.Az