Ərdoğan Kavelaşvili ilə danışdı

12 Noyabr 2025 21:29

20 türk hərbçinin şəhid olduğu hadisə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb.

Milli.Az xəbər verir ki, telefon danışığında Gürcüstanda qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı qəza araşdırmaları və son məlumatlar müzakirə olunub.

Ərdoğan, Gürcüstanın hadisə ilə bağlı göstərdiyi əməkdaşlıq və dəstəyə görə həmkarına təşəkkür edib.

Prezident Kavelaşvili isə Türkiyə xalqına və şəhid ailələrinə dərin başsağlığı verib.

Hadisə, Azərbaycan-Türkiyə uçuşu zamanı baş verib. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi kargo təyyarəsi Gürcüstan üzərində qəzaya uğrayıb.

Təyyarədə olan 20 nəfər hərbi personalın hamısı şəhid olub.

Bu faciə Türkiyədə və bütün türk dünyasında dərin hüzn və kədər doğurub.
Qəzaya dair birgə istintaq Gürcüstan, Türkiyə və Azərbaycan rəsmiləri tərəfindən aparılır.

Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, ilkin araşdırmalarda təyyarənin qəzaya düşməsinə səbəb ola biləcək partlayış və ya xarici müdaxilə izlərinə rast gəlinməyib.

Türkiyə və Gürcüstandan gələn mütəxəssislər hadisə yerində birgə araşdırmalar aparır.
Hadisənin dəqiq səbəbi təyyarənin "qara qutu"sunun məlumatları təhlil edildikdən sonra açıqlanacaq.

Lalə Qüdrətova
Milli.Az