Xroniki yorğunluğun gizli səbəbi aşkarlanıb.
Milli.Az xəbər verir ki, "Mount Sinai" tibb məktəbinin alimləri xroniki yorğunluq sindromunun əsas səbəblərindən birini müəyyən ediblər.
"Frontiers in Medicine" jurnalında dərc olunmuş araşdırma göstərir ki, xəstələrin vəziyyəti təkcə fiziki yükə dözümsüzlükdən deyil, həm də adi müayinələrdə görünməyən gizli tənəffüs pozuntularından qaynaqlanır.
Tədqiqatda 57 xroniki yorğunluq sindromlu xəstə və 25 sağlam könüllü iki günlük kardiorespirator testdən keçib. Nəticələr göstərib ki, xəstələrin 42 faizi disfunksional tənəffüs, 32 faizi isə xroniki hiperventilyasiya simptomları göstərir. Bu, nəfəsin çox səthi və sürətli alınması, qanı kifayət qədər oksigenlə təmin etməmək deməkdir. Bəzən hər iki pozuntu eyni vaxtda müşahidə olunub, halbuki sağlam iştirakçılarda belə hallar qeydə alınmayıb.
Alimlər bildirirlər ki, bu tənəffüs pozuntuları başgicəllənmə, ürək döyüntüsünün sürətlənməsi, nəfəs darlığı və yorğunluğun artması ilə nəticələnir. Bu simptomlar xəstələr tərəfindən çox vaxt "izahı olmayan xəstəlik" kimi qəbul olunur. Pozuntuların vegetativ sinir sistemi disfunksiyasından qaynaqlandığı düşünülür və hər hansı fiziki yükdən sonra xroniki yorğunluğu artırır.
Tədqiqatçılar tənəffüsün korreksiyasının xroniki yorğunluq sindromunun müalicəsində yeni istiqamət ola biləcəyini bildirirlər. Nəfəs məşqləri, yoga, yavaş üzgüçülük və mülayim fiziki hərəkətlər nəfəs ritmini stabilləşdirərək qanda karbon dioksid səviyyəsini normallaşdıra bilər.
İsmayıl
Milli.Az