Hövsandakı yaşayış komplekslərindən birində naməlum şəxsin hərəkətləri sakinlər arasında narahatlıq yaradıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda həmin şəxsin binanın bloklarında dolaşdığı və bəzi mənzillərə daxil olmağa cəhd etdiyi göstərilir. Sakinlərdən biri bildirib ki, oxşar hadisə əvvəllər də baş verib:
"Yeni köçəndə belə bir hadisə olmuşdu. Mən işdə olarkən həyat yoldaşım dedi ki, evin qapısını kimsə açmaq istəyir. Heç kim bilmir, məqsəd nədir".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, Hövsan qəsəbəsində mənzillərin qapılarını döyərək içəri girməyə çalışan şəxs polis tərəfindən müəyyən edilib və araşdırma aparılıb. Nəticədə məlum olub ki, şəxs gedəcəyi mənzilin yerini tapa bilmədiyi üçün qapıları döyüb və onun hərəkətlərində kriminal məqsəd yoxdur.
Asya Hüseyn
Milli.Az