Şizofreniyanın çarəsi tapıldı

17 Noyabr 2025 20:21

Psixi pozuntuların gözlənilməz səbəbi aşkarlanıb.

Milli.Az xəbər verir ki, beynəlxalq tədqiqat qrupu yalnız bir genin mutasiyasının psixi xəstəliklərin birbaşa səbəbi ola biləcəyini müəyyənləşdirib.

Araşdırma "Molecular Psychiatry" jurnalında dərc olunub.

Nəticələr şizofreniya və depressiya kimi xəstəliklərin yalnız çoxsaylı genetik və ətraf mühit faktorlarından qaynaqlandığı barədə fikrin yanlış olduğunu deməyə əsas verir.

Alimlər 121 xəstənin GRIN2A genindəki dəyişiklikləri təhlil ediblər. Bu gen NMDA reseptorlarının işləməsini tənzimləyir, onlar isə beyin siqnal ötürməsində əsas rol oynayır. Müəyyən gen variantları birbaşa şizofreniya, depressiya və narahatlıq pozuntularının inkişafı ilə əlaqələndirilmişdir. Simptomlar bəzi hallarda uşaqlıq və yeniyetməlik dövründə özünü göstərib.

Ən maraqlısı isə NMDA reseptorlarının fəaliyyətinin bərpasının xəstələrin vəziyyətini yaxşılaşdırmasıdır. Pilot terapiya zamanı L-serin əlavəsi ilə reseptor aktivləşdirildikdə psixi simptomlarda əhəmiyyətli azalma müşahidə olunub.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf psixi xəstəliklərin diaqnostikası və müalicəsində yanaşmanı dəyişə bilər. Bəzi hallarda əsas problem yüzlərlə gen deyil, yalnız bir mutasiyadır.

İsmayıl
Milli.Az