Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Teatrın tarixi simaları" layihəsi çərçivəsində görkəmli opera müğənnisi, unudulmaz aktyor, Xalq artisti Hüseynqulu Sarabskinin xatirəsinə həsr olunmuş gecə keçirilib.
Tədbir sənətkarın çoxşaxəli yaradıcılığını, milli musiqi mədəniyyətimizin inkişafında oynadığı misilsiz rolunu əks etdirən videoçarxla başlayıb. Daha sonra Hüseyqulu Sarabskinin səhnə fəaliyyəti, Azərbaycan operasının formalaşmasındakı əvəzsiz xidmətləri və sənətə bəxş etdiyi dəyərlərdən söhbət açılıb.
Gecədə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından görüş səhnəsi Əməkdar artistlər Arzu Əliyeva və Xəyal Hüseynov tərəfindən təqdim olunub. Ardınca "Segah" təsnifini Əməkdar artist Gülüstan Əliyeva, "Dəşti" təsnifini Əməkdar artist İlkin Əhmədov, "Çahargah" təsnifini isə Məhəbbət Səfərov ifa edib.
Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasından səhnə Mütəllim Dəmirov və Aytən Məhərrəmovanın ifasında, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından bir səhnə isə gənc ifaçı Aydan Quliyeva və Əməkdar artist Tural Ağasıyev tərəfindən böyük ustalıqla səhnələşdirilib.
Sənət dolu gecə Hüseynqulu Sarabskinin ölməz yaradıcılığına bir ehtiram, Azərbaycan musiqi mədəniyyətinə isə dərin bir sədaqət nümunəsi kimi tamaşaçıların yaddaşında iz buraxıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az