"WhatsApp" istifadəçilərinin təhlükəsizliyini artırmaq məqsədilə yeni "sərt hesab rejimi" adlı funksiya hazırlanıb.
Milli.Az xəbər verir ki, Android və iOS-un beta versiyalarında sınaqdan keçirilən bu xüsusiyyət hesabların kibertəhdidlərdən daha yaxşı qorunmasına kömək edəcək.
Rejim aktivləşdirildikdə yadda saxlanılmamış nömrələrdən gələn şəkil, video, sənəd və ya səsli mesajların avtomatik endirilməsi dayandırılacaq. Beləliklə, naməlum hesablar vasitəsilə riskli məzmunun yayılması əngəllənəcək.
Həmçinin, linklərin önizləməsinin söndürülməsi IP ünvanının üçüncü tərəflərə ötürülməsinin qarşısını alacaq. Zənglər zamanı IP ünvanının qorunması funksiyası sayəsində səsli və görüntülü zənglər "WhatsApp" serverləri üzərindən yönləndiriləcək və yer məlumatlarının sızması riski azalacaq.
Yeni rejim həm də kontakt siyahısında olmayan nömrələrdən gələn zəngləri avtomatik səssizləşdirəcək, qrup dəvətlərini yalnız tanınan şəxslərlə məhdudlaşdıracaq və iki addımlı təsdiqləməni aktiv edəcək.
İsmayıl
Milli.Az