Gələn ildən bu maşınları ölkəyə gətirmək üçün 200 min manat vergi ödəməlisən

9 Noyabr 2025 23:45

2026-cı ildən Azərbaycanda avtomobil idxalı ilə bağlı vergi və gömrük qaydaları dəyişir. Yeni qanunvericilik dəyişikliklərinə əsasən, həm elektrik, həm hibrid mühərrikli avtomobillər üçün mövcud güzəştlər ləğv olunacaq, köhnə avtomobillərin idxalı isə daha baha başa gələcək.

Milli.Az xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən 7 ildən çox istismar olunmuş avtomobillər üçün aksiz dərəcələri artırılır. Bu addım dövlətin köhnə, ekoloji cəhətdən zərərli avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırmaq və daha təmiz enerji mənbələrinə keçidi stimullaşdırmaq siyasətinə uyğunlaşdırılıb.

Əvvəllər benzin mühərrikli avtomobillər üçün artım əmsalı 1,2, dizel mühərrikli avtomobillər üçün isə 1,5 idi. Yeni qaydalara əsasən, bu göstəricilər müvafiq olaraq 1,5 və 2 səviyyəsinə qaldırılır. Nəticədə, xüsusilə iri mühərrikli avtomobillərin aksiz məbləğləri nəzərəçarpacaq dərəcədə artacaq.

Məsələn, 2 litrlik mühərriki olan 7 ildən köhnə benzin avtomobilləri üçün aksiz vergisi 720 manatdan 900 manata qalxacaq. 3 litrlik mühərrikli avtomobillərdə bu artım təxminən 1700 manat, 3,5 litrlikdə isə 4 min manata qədər olacaq. 5 litrlik benzin mühərrikli avtomobillərin aksizi isə 73 min manatdan 91 min manata yüksələcək.

Dizel mühərrikli avtomobillər üzrə artım daha kəskindir. 2 litrlik dizel avtomobillərin aksiz dərəcəsi 900 manatdan 1200 manata, 5 litrlik avtomobillərdə isə 91 min manatdan 121 min manata qalxacaq. 5,5 litrlik dizel mühərriklər üçün bu məbləğ artıq 200 min manatı keçəcək.

Bu dəyişikliklər bazarda köhnə avtomobillərin idxalını azaldacaq və eyni zamanda ölkədə qiymətlərin artımına səbəb olacaq.

İsmayıl
Milli.Az