Alimlər ürəyin özünü sağalda biləcəyini göstərən inqilabi kəşf etdilər

10 Noyabr 2025 05:05

Alimlər, ürək-damar xəstəliklərinin müalicəsində inqilabi dəyişikliklərə yol açacaq bir kəşf ediblər.

Milli.Az xəbər verir ki, yeni araşdırmalar göstərir ki, doğuşdan sonra bərpa qabiliyyətini itirən yetkin insan ürəyi, əslində, özünü təmir edə biləcək gizli potensiala malikdir.

Ürək infarktı və ya çatışmazlığı zamanı həyati əhəmiyyət daşıyan kardiomiositlər məhv olur və yetkin ürək onları təbii yolla bərpa edə bilmir. Nəticədə xəstələr dərmanlar, implant cihazları, cərrahi müdaxilələr və ya transplantasiya kimi həll yollarına üz tutur.

Lakin Nyu-Yorkdakı Mount Sinaidəki İcahn Tibb Fakültəsinin tədqiqatçıları, doğuşdan qısa müddət sonra deaktiv olan bir geni yenidən işə salmaqla yeni və funksional ürək hüceyrələrinin yaradılmasının mümkün olduğunu aşkarlayıblar. Bu yanaşma, xəstəliyin simptomlarını idarə etməkdən çıxaraq ürəyin özünü sağaltmasına yönələn müalicəyə keçidi ifadə edir.

Mount Sinaidə kardiovaskulyar regenerativ tibb direktoru Dr. Hina Çaudri bildirib: "Ürək xəstəlikləri dünya üzrə əsas ölüm səbəblərindəndir, lakin yetkin ürək hüceyrələri doğuşdan sonra bölünməyi dayandırır".

Bu texnika əvvəllər donuzlar üzərində sınanmışdı, lakin indi ilk dəfə orta yaşlı insan ürək hüceyrələrində uğurla tətbiq olunub.

Yuxuda olan geni oyatmaq: Cyclin A2 (CCNA2)

Texnika, hamiləlik dövründə ürək hüceyrələrinin bölünməsi və böyüməsi üçün vacib olan "Cyclin A2" (CCNA2) genindən istifadə edir. Bu gen doğuşdan sonra deaktiv olur, buna görə də yetkin ürək zədələndikdə özünü bərpa edə bilmir.

Tədqiqat qrupu 21, 41 və 55 yaşlı donorların ürək hüceyrələrinə zərərsiz virus vasitəsilə aktiv CCNA2 genini daxil edib. Nəticələr heyrətamiz olub: xüsusilə iki yaşlı donorun hüceyrələrində bölünmə prosesi yenidən başlamış və yaranan hüceyrələr sağlam ürək hüceyrələri kimi fəaliyyət göstərmişdir.

Ətraflı analizlər göstərib ki, CCNA2 geni ürək hüceyrələrində böyümə genlərini yenidən aktivləşdirir, hüceyrələri qısa müddətlik "zamanı geri çevirməyə" təşviq edir və ürəyin bərpa prosesinə cəlb edir.

Dr. Çaudri bu kəşfi "təxminən iyirmi illik tədqiqatın zirvəsi" adlandırıb: "Biz ürəyin, yuxuda olan hüceyrə bölünmə genlərini oyadaraq bərpa edilə biləcəyini göstərdik və indi bu yanaşmanı xəstələrə yaxınlaşdırmışıq. Məqsədimiz, infarkt və ya ürək çatışmazlığından sonra ürəyin özünü sağaltmasını təmin edən müalicə yaratmaqdır".

Bu texnika ürək çatışmazlığı və infarkt keçirən milyonlarla insan üçün böyük ümid vəd edir. Növbəti mərhələ isə müalicənin klinik sınaqlarının başlanması üçün ABŞ Qida və Dərman İdarəsi (FDA) icazəsini almaq olacaq.

Tədqiqat nəticələri "Regenerative Medicine" jurnalında dərc olunub.

Kənan
Milli.Az