İsveç dünyada nağdsız cəmiyyətə keçid prosesində ən sürətlə irəliləyən ölkələrdən biri olub. Artıq ölkədə edilən ödənişlərin cəmi təxminən 10 faizi nağd şəkildə həyata keçirilir, qalan hamısı isə mobil tətbiqlər və toxunmadan ödəniş kartları ilə həyata keçirilir. Qəhvə almaqdan tutmuş avtobus bileti ödəməyə qədər hər şey demək olar ki, telefon vasitəsilə edilir.
Milli.Az xəbər verir ki, paytaxt Stokholmda sakinlər gündəlik alış-veriş və ödənişlərini tamamilə rəqəmsal üsullarla edirlər. Bir çox mağaza, kafe və ictimai nəqliyyat müəssisəsi artıq nağd pul qəbul etmir. Ölkədə ən çox istifadə olunan mobil ödəmə tətbiqi Swish hesab olunur. İnsanlar pulqabı gəzdirmək əvəzinə bütün ödənişləri telefonla həyata keçirirlər.
İsveç Mərkəzi Bankının məlumatına görə, ölkədəki bir çox bank filialında artıq nağd pul qəbul etmək və ya vermək xidməti həyata keçirilmir. Hətta bəzi şöbələrdə pul kassaları tamamilə ləğv edilib. Mütəxəssislər bildirir ki, rəqəmsal ödənişlər təhlükəsizliyi artırır və iqtisadi dövriyyəni sürətləndirir.
Bankların birgə hazırladığı Swish tətbiqi vasitəsilə istifadəçilər yalnız telefon nömrəsi ilə bir-birinə pul göndərə bilir. Bu ödəniş üsulu gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Hətta uşaqlar belə cib xərclərini rəqəmsal şəkildə alır. Gənclər arasında Apple Pay və Google Pay də geniş yayılıb.
İsveçin qonşusu Norveçdə ödənişlərin 95 faizindən çoxu rəqəmsal şəkildə həyata keçirilir. Finlandiya, Danimarka, Cənubi Koreya və Çin də sürətlə nağdsız cəmiyyət modelinə yaxınlaşır. Çində QR kodla ödəniş artıq küçə satıcılarında belə geniş yayılıb. Cənubi Koreya isə 2030-cu ilə qədər tamamilə nağdsız cəmiyyətə keçməyi planlaşdırır.
Lalə Qüdrətova
Milli.Az