Həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstəriləcək.
Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Tibbi sığorta haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklərə əsasən sözügedən qanunun 15-2.1-ci maddəsində həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər əlavə edilib və 15-2.3-cü maddəsindən qeyd olunan subyekt dairəsi çıxarılıb. Eyni zamanda bu subyekt dairəsinə daxil olan şəxslərin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kateqoriyasına aid olması halı da nəzərə alınıb.
Qeyd edilmiş kateqoriyaya aid olan şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, müvafiq Qanuna 15-17.2.3-3-cü maddə əlavə edilərək Xidmətlər Zərfində onlara göstəriləcək tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən ediləcək.
Milli.Az