Tragikomik hadisə: Oğru hadisə yerində yatıb qaldı

7 Noyabr 2025 15:01

Rusiyanın Blaqoveşensk şəhərində oğurluğa cəhd edən şəxs hadisə yerində yuxuya getdiyi üçün polis tərəfindən tutulub.

Milli.Az xəbər verir ki, Amur vilayəti üzrə Daxili İşlər İdarəsinin məlumatına əsasən, növbətçi hissəyə şəhərin 56 yaşlı sakini zəng edərək evinə qayıdanda mənzilində tanımadığı bir şəxsi gördüyünü bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsi saxlayıblar. Məlum olub ki, bu, əvvəllər oğurluq və narkotik maddələrin dövriyyəsi ilə bağlı məhkum olunmuş 45 yaşlı yerli sakin imiş.

İstintaqın gedişatında müəyyən edilib ki, kişi gecə vaxtı ev sahibəsinin mənzildə olmadığını bilib pəncərədən içəri daxil olub. O, televizor və benzinlə işləyən mişarı oğurlamaq istəyib, lakin kifayət qədər vaxtı olduğunu düşünərək bir qədər dincəlmək qərarına gəlib. Nəticədə yuxuya gedib və ev sahibi evə qayıdanda onu bu vəziyyətdə tapıb.

Qadın dərhal polisə müraciət edib və oğru hadisə yerində saxlanılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "yaşayış yerinə qanunsuz daxil olmaqla oğurluğa cəhd" maddəsi üzrə cinayət işi başlanıb.

Milli.Az