Türkiyədə hakimlərin mərc saytlarına üzvlüyü məsələsi ilə bağlı istintaq çərçivəsində 17 hakim və 1 klub prezidenti saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, saxlanılan 17 hakim barəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "oyun nəticəsinə təsir göstərmə" maddələri üzrə istintaq aparılır.
Saxlanılan klub prezidenti barəsində isə "futbol oyununun nəticəsinə təsir göstərmək məqsədilə hərəkət" iddiası üzrə istintaq başladılıb.
Təxminən 5 illik dövrü əhatə edən məlumatlara əsasən, yeni adların da istintaqa cəlb ediləcəyi gözlənilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hadisəyə münasibət bildirmiş, məsələnin araşdırıldığını ifadə edərək dövlətin üzərinə düşəni etdiyini qeyd etmişdi.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası artıq 149 hakimi 8-12 ay müddətinə cəzalandırıb, daha 3 hakim barəsində isə araşdırma hələ davam edir.
Fidan
Milli.Az