UAZ yenə "keçmişə" qayıdır

6 Noyabr 2025 19:19

UAZ "Hunter" avtomat ötürmə ilə istehsal olunmayacaq.

Milli.Az xəbər verir ki, Ulyanovsk Avtomobil Zavodu məşhur "Hunter" modelinin avtomatik sürətlər qutusu ilə versiyasını buraxmaq planından imtina edib.

Şirkət bildirib ki, "UAZ Hunter" ilk növbədə praktik və etibarlı işlək vasitə kimi nəzərdə tutulub və avtomobilin mövcud konstruksiyası onu xüsusi şəraitdə istifadə üçün tam uyğun edir. Zavod nümayəndəsi vurğulayıb ki, avtomatik transmissiyanın əlavə edilməsi modelin əsas təyinatına uyğun gəlmir.

"UAZ Hunter" 2003-cü ildən istehsal olunur və onun kökləri birbaşa əfsanəvi hərbi UAZ-469 modelinə gedib çıxır. 2014-cü ildə istehsal dayandırılsa da, bir il sonra model "Euro-5" ekoloji standartlarına uyğunlaşdırılaraq yenidən buraxılıb.

Qeyd edək ki, 2018-ci ildə UAZ-ın Livandakı distribyutoru üçün xüsusi olaraq avtomat ötürməli versiya hazırlanmışdı. Moskva şirkəti tərəfindən istehsal edilən bu modifikasiyada Aisin avtomat transmissiyası və turbinlə təchiz olunmuş 2.7 litrlik ZMZ-409 mühərriki quraşdırılmışdı. Livan sifarişçiləri nəticədən razı qalıb bir neçə belə avtomobil sifariş etmişdi.

2022-ci ildə isə modelin 50 illiyinə həsr olunmuş xüsusi yubiley versiyası məhdud sayda istehsal edilmişdi.

Beləliklə, UAZ-ın son qərarına əsasən "Hunter" modeli klassik, mexaniki ötürməli ofroud avtomobili kimi istehsal olunmağa davam edəcək.

İsmayıl
Milli.Az