Soyuqlar gəldi, qazın təzyiqi artmaqdan azaldı - SƏBƏB

5 Noyabr 2025 13:00

Havalar soyuduqca qazin təzyiqi ilə bağlı şikayətlər müşahidə edilir. Həmin narazılıqların olduğu ərazilərdən biri də Maştağadır. 

Milli.Az xəbər verir ki, qəsəbə sakinləri bir müddətdir ki, belə problem yaşayırlar. Sakinlərin sözlərinə görə, qaz o qədər zəifdir ki, onlar nə yemək bişirə bilirlər, nə də çay qaynada. Onların sözlərinə görə, bu günə kimi belə problemlə rastlaşmayıblar. Bununla bağlı aidiyyatı quruma müraciət etsələr belə səbəbi açıqlanmadığını bildirirlər. 

Bəs qazın təzyiqi niyə zəifdir? 

Sualımıza cavab olaraq Azəriqaz İstehsalat Birliyindən qeyd olundu ki, ərazidə hər hansı təmir işləri aparılmır:

"Təzyiqin azalmasına səbəb havalar soyuduqca mavi qaza olan tələbatın artması ilə bağlıdır. Problem müvəqqətidir. Qış rejiminin qazı noyabrın 15-də verildiyi üçün bu müddət ərzində müəyyən problemlər yaşana bilər. Əməkdaşlarımız qazın təzyiqi ilə bağlı hər hansı məlumat alarkən dərhal həmin ərazidə təzyiqin normal vəziyyətə gətirilməsi istiqamətində müəyyən addımlar atırlar". 

Aysel Əkbər
Milli.Az