Gələn ildən elektrik mühərrikli avtomobillərin idxalı və satışı əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək. Bu dəyişiklik avtomobil bazarında qiymət dinamikasına, istehlakçı davranışına və ümumi rəqabət mühitinə təsir göstərə bilər. ƏDV-nin tətbiqi elektrik avtomobillərinin qiymətlərinin artmasına, nəticə etibarilə isə satış tempinin müəyyən qədər zəifləməsinə səbəb ola bilər?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Trend-ə açıqlamasında bildirib ki, idxal olunan elektromobillər əlavə dəyər vergisinə cəlb ediləcəksə, təbii ki, bu növ nəqliyyat vasitələrinin qiymətində yüksəlmə olacaq.
O, qeyd edib ki, elektromobillərin əlavə dəyər vergisinə cəlb edilməsi avtomobil bazarına ümumilikdə ciddi təsir etməyəcək.
"Elektromobillərə bizim ölkədə maraq olsa da, populyarlıq dərəcəsi bir o qədər də deyil. Bunun da bəzi səbəbləri mövcuddur. Məsələn, hələki ölkədə enerji doldurma məntəqələrinin sayı azdır. Həmçinin bu növ avtomobillərin ehtiyat hissələri, təmir məsələlərində də bir qədər problemlər mövcuddur".
Ekspert əlavə edib ki, növbəti il Azərbaycanın avtomobil bazarında bahalaşma gözləniləndir.
Nəqliyyat eksperti Elməddin Muradlı Trend-ə açıqlamasında deyib ki, ƏDV-dən azad olunmanın ləğvi elektromobillərin və dolayı yolla digər avtomobillərin qiymətinə də təsir edəcək.
"Elektrik və hibrid avtomobillər ölkəyə daha ucuz qiymətə gətirildiyi üçün onlara maraq daha çox idi. Bu da ikinci əl avtomobil bazarında durğunluq yaratmışdı".
Ekspert bildirib ki, indi qiymətlər arasında fərq azalacağı üçün, yəni elektrik və hibrid avtomobillərin qiyməti ənənəvi avtomobillərə yaxınlaşacağı üçün, insanlar seçim zamanı artıq yalnız bu kateqoriyaya üstünlük verməyəcəklər:
Digər tərəfdən, elektrik və hibrid avtomobillərə olan maraq, çox zaman ekoloji səbəblərdən yox, dövlətin tətbiq etdiyi vergi güzəştlərinə görə idi. Yəni, insanların bu avtomobilləri alma səbəbi daha çox iqtisadi üstünlüklər idi, nəinki yalnız ətraf mühiti qorumaq.
O, əlavə edib ki, əgər güzəşt ləğv olunarsa, bu avtomobillərin qiymətində təxminən 15-20% civarında artım müşahidə oluna bilər.
"Eyni zamanda, ənənəvi avtomobil bazarında da bir qədər canlanma baş verə bilər. Bu canlanma onların qiymətinə də müəyyən təsir göstərə bilər",- deyə ekspert əlavə edib.
Milli.Az