ABŞ-də hökumət böhranı: Hava məkanı istənilən an bağlana bilər

5 Noyabr 2025 00:28

ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması aviasiya sektoruna da ciddi təsir edib. Hava nəzarətçilərinin işə çıxmaması səbəbindən ölkənin hava məkanı bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Minlərlə təyyarə ABŞ hava məkanında dövrə vurarkən, yaranan sıxlıq radar görüntülərinə də əks olunub.

Milli.Az xəbər verir ki, ABŞ Nəqliyyat Nazirliyi xəbərdarlıq edib ki, hökumət gələn həftə də bağlı qalarsa, ölkənin bəzi bölgələrində hava məkanının məcburi olaraq bağlanması qaçılmaz olacaq.

ABŞ-də federal hökumət artıq 1 oktyabrdan etibarən fəaliyyətini dayandırıb. Respublikaçılar və Demokratlar arasında büdcə razılaşmasının əldə olunmaması və Konqresin yeni maliyyə ili başlamadan müvəqqəti büdcəni təsdiqləyə bilməməsi səbəbindən hökumət "shutdown" vəziyyətinə düşüb.

Cümə günü hava nəzarətçilərinin təxminən 80%-i işə çıxmayıb. Bildirilir ki, 13 mindən çox işçi maaş almadan çalışmaq məcburiyyətində qalıb.

ABŞ Müdafiə Naziri Şon Daffi, əgər hökumət böhranı gələn həftəyə qədər davam etsə, Nəqliyyat Nazirliyinin bəzi bölgələrdə hava məkanını bağlamağa məcbur olacağını bildirib. Daffi, hazırda hava hərəkətinə nəzarət üçün kifayət qədər personalın olmadığını vurğulayıb.

ABŞ qanunlarına əsasən, büdcə təsdiqlənmədikdə hökumət yalnız "əsas xidmətləri" davam etdirə bilər. Bu xidmətlərə ordu, kəşfiyyat qurumları, dövlət xəstəxanaları, hava limanları və həbsxanalar daxildir. Digər dövlət işçiləri isə müvəqqəti ödənişsiz məzuniyyətə göndərilir və maaşlarını yalnız Konqres yeni büdcəni qəbul etdikdən sonra ala bilirlər.

Bu vəziyyət ABŞ tarixində ən böyük hökumət böhranlarından biri kimi qiymətləndirilir.

Lalə Qüdrətova
Milli.Az