Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxov təqaüdə göndərilir.
Milli.Az e-huquq.az-a istinadən xəbər verir ki, R.Sadıxov bu gün son hökmünü oxuyub.
Belə ki, hökmə əsasən, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlərin yaşı və səhhəti nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, onlara 5 il sınaq müddəti seçilməklə şərti cəza təyin edilib.
Yaş həddi ilə əlaqədar artıq R.Sadıxovun icraatına yeni cinayət işləri verilmir. Hazırda onun daxil olduğu məhkəmə tərkibinin araşdırdığı son işlər yekunlaşdıqdan R.Sadıxovun hakimlik fəaliyyətinə son qoyulacaq.
Qeyd edək ki, R.Sadıxov 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. O, bir çox səs-küylü cinayət işlərini araşdırıb.
Milli.Az