“Yanlış səslənən fikirlər cavabsız qalmamalıdır” - Nazirdən deputata irad

4 Noyabr 2025 16:08

"Mən təqdim olunmuş sənədlərə istinad edib danışmışam. Orda qeyd olunur ki, SOCAR 1 milyard 700 milyon manat vergi ödəyir. Mən də bunu ümumi mənfəət vergisi kimi qəbul etmişəm. Burda mənə deyildi ki, ora başqa vergilər də daxildir. Əslində onda mən SOCAR-ın müraciəti haqqında daha yaxşı danışmışam".

Milli.Az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Əgər mənfəət kimi 1 milyard 700 milyon qazancdan verirsə, onda 5 milyard dollar onun qazancı olmalı idi. Belə çıxır ki, onda 5 milyarddan azdır. Əslində bu, pisdir. Yəni bu qədər böyük neft şirkətinin qazancının az olması bizi düşündürməlidir. Mənim burada dediyimdə heç bir siyasi mübarizə elementi yox idi", - deputat bildirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə deputatın çıxışına cavab olaraq bildirib ki, yanlış səslənən fikirlər cavabsız qalmamalıdır: "Bu gün Sahil müəllim də, mən də səsləndirdik ki, qeyri-neft gəlirləri dövlət büdcəsinin gəlirlərinin nə qədəridir. Bu, təxminən 55-57% ətrafında olacaq. 2018-ci ildə bu rəqəm 40% idi. Mən 2018-ci ili nəyə görə əsas götürürəm? Çünki biz vergi güzəştlərinin və vergi siyasətinin yumuşaldılmasına 2018-ci ilin sonundan başlamışıq.

Biz bugünkü nailiyyətləri, yəni 2019-cu ildən 2025-ci ilə qədərki nailiyyətləri 17% bəndi artan dövlət büdcəsinin gəlirlərində baxa bilərik. Biz buna vergilərin yumuşaıldılması siyasəti ilə nail olmuşuq. Biz əgər gələcəkdə qeyri-neft sektoruna əsaslanan artımı davam etdirmək niyətindəyiksə, düşünürəm ki, gələcək müzakirələr üçün mərkəzi məsələlərdən biri bunun ətrafında olacaq"./"Qafqazinfo"

Milli.Az