Çoxları gündəlik bəh-bəhlə içir - Korluğa səbəb olurmuş

4 Noyabr 2025 19:47

Çinli alimlərin apardığı yeni araşdırma hazır qəhvənin ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini üzə çıxarıb.

Milli.Az xəbər verir ki, Çinin Hubei Universitetində çalışan tədqiqatçılar İngiltərə və Finlandiyada yaşayan yarım milyondan çox insanın sağlamlıq məlumatlarını təhlil edərək diqqətçəkən nəticələr əldə ediblər.

Onlar iştirakçıların genlərini, qəhvə içmə vərdişlərini və ümumi sağlamlıq vəziyyətlərini araşdırıblar.

Nəticələrə əsasən, qranul (hazır) qəhvə içən insanlarda yaşla bağlı makula degenerasiyası, yəni "sarı ləkə" xəstəliyinin yaranma ehtimalı daha yüksəkdir. Bu xəstəlik insanın mərkəzi görmə qabiliyyətini tədricən zəiflədir və nəticədə oxumaq, avtomobil idarə etmək kimi gündəlik fəaliyyətləri çətinləşdirir. Müalicə olunmadığı halda isə korluğa səbəb ola bilər.

Alimlər bildiriblər ki, bu xəstəliyin "quru" və "yaş" tip olmaqla iki növü var. Bəzi genlər xəstəliyə meyilliliyi artırır. Araşdırmaya görə, bu genlərə sahib insanların gündə iki fincan hazır qəhvə içməsi riski yüksəldir, dörd fincan içilməsi isə xəstəliyin yaranma ehtimalını yeddi dəfə artırır.

"Food Science" and "Nutrition" jurnalında dərc olunan araşdırmada qeyd edilir ki, hazır qəhvə ilə "quru sarı ləkə" arasında əhəmiyyətli əlaqə mövcuddur. Digər qəhvə növləri və ya "yaş sarı ləkə" tipi ilə belə bir əlaqə aşkar edilməyib.

Tədqiqatçılar hazır qəhvənin azaldılmasının bu xəstəliyin qarşısını ala biləcəyini bildiriblər və "risk qrupunda olan insanların hazır qəhvə içməməsi tövsiyə olunur" deyə xəbərdarlıq ediblər.

İsmayıl
Milli.Az