3 həftədən çox davam edən öskürək bu ölümcül xəstəliyin xəbərçisidir

4 Noyabr 2025 22:00

Uzunmüddətli öskürək ağciyər xərçənginin əlaməti ola bilər.

Milli.Az xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) mütəxəssisləri xəbərdarlıq ediblər ki, üç həftədən çox davam edən öskürək ağciyər xərçənginin ilkin əlaməti ola bilər.

Bu barədə Daily Mirror nəşri məlumat yayıb.

Həkimlərin sözlərinə görə, öskürək çox vaxt soyuqdəymə, qrip və ya COVID-19 kimi daha yayılmış səbəblərlə bağlı olur, lakin bəzən bu simptom bədxassəli şişin yaranmasına da işarə edə bilər. NHS məlumatında qeyd olunur ki, davamlı və ya getdikcə güclənən öskürək, təkrarlanan tənəffüs yolu infeksiyaları, qanlı bəlğəm, nəfəs alarkən və ya öskürərkən ağrı, daimi təngnəfəslik, yorğunluq, iştahsızlıq və izahsız çəki itkisi ciddi narahatlıq siqnalı ola bilər.

Ağciyər xərçənginin nisbətən az rast gəlinən əlamətləri arasında barmaqların formasında dəyişiklik, udmada çətinlik, xırıltılı nəfəsalma, səsin batması və üz və ya boyun nahiyəsində şişkinlik də göstərilir.

Həkimlər bildirirlər ki, xəstəliyin əsas riski siqaret çəkmə ilə bağlıdır. Statistikaya görə, ağciyər xərçəngi hallarının 70 faizindən çoxu məhz siqaret istifadəsi ilə əlaqəlidir. Digər risk faktorlarına radon qazı, asbest və kömür buxarları ilə uzunmüddətli təmas daxildir.

Mütəxəssislər insanlara üç həftədən artıq davam edən öskürək hallarında mütləq həkimə müraciət etməyi tövsiyə edirlər.

İsmayıl
Milli.Az