Alimlər beyni qocalmaqdan qorumağın yolunu tapdı

4 Noyabr 2025 21:00

ABŞ-də yerləşən Con Hopkins Tibb Mərkəzinin alimləri beynin zədələnmədən qorunmasında mühüm rol oynayan yeni bir mexanizm müəyyən ediblər.

Milli.Az xəbər verir ki, onların PNAS jurnalında dərc olunan araşdırmasına görə ödün yaranmasında iştirak edən biliverdinreduktaza A (BVRA) adlı ferment neyronları oksidləşdirici stressdən qoruma qabiliyyətinə malikdir.

Oksidləşdirici stress orqanizmdə sərbəst radikalların yığılması nəticəsində yaranır və hüceyrələrin membranlarını, zülallarını və DNT-ni zədələyir. Beyində bu proses xüsusilə təhlükəlidir, çünki neyronların məhvinə və Alzheimer kimi neyrodegenerativ xəstəliklərin inkişafına gətirib çıxara bilər.

Alimlər müəyyən ediblər ki, BVRA beyni bu proseslərdən qorumaq üçün NRF2 adlı zülalla qarşılıqlı əlaqədə olur. NRF2 antioksidantların və digər müdafiə molekullarının sintezini tənzimləyir. BVRA olmadıqda isə NRF2-nin fəaliyyəti pozulur və hüceyrələr oksidləşdirici zərbələrə qarşı dayanıqlığını itirir.

Siçanlar üzərində aparılan təcrübələr BVRA ilə NRF2-nin birgə işləyərək hüceyrələrin enerji istehsalı, oksigen daşınması və immun siqnallarının ötürülməsi ilə bağlı genləri aktivləşdirdiyini göstərib. Ən maraqlısı isə bu oldu ki, BVRA-nın neyronları qoruma qabiliyyəti onun biluribin istehsal etmək funksiyasından asılı deyil. Yəni fermentin mutasiyaya uğramış, öd piqmenti yarada bilməyən formaları da beyin hüceyrələrini qorumağa davam edib.

Tədqiqat müəlliflərinin fikrincə, bu nəticə BVRA-nın düşündüyümüzdən daha mürəkkəb və həyati funksiyalara malik olduğunu göstərir. Alimlər növbəti mərhələdə BVRA ilə NRF2 arasındakı tarazlığın pozulmasının Alzheimer xəstəliyinin inkişafına necə təsir etdiyini və bu mexanizmin müalicədə tətbiq edilə biləcəyini araşdırmağı planlaşdırırlar.

İsmayıl
Milli.Az