Binəqədi yolundakı təmir işləri 5-ci aya keçdi

3 Noyabr 2025 10:35

Binəqədi rayonu, Binəqədi şosesindəki təmir işləri 5 aydır ki, yekunlaşmır.

Milli.Az xəbər verir ki, Rəsulzadə və Binəqədi qəsəbələrini birləşdirən yoldakı vəziyyət hər gün tıxacın yaranmasına, sürücülərin və sərnişinlərin xeyli vaxt itirməsinə, eləcə də ətrafın çirklənməsinə səbəb olur.

Yolda hərəkətin nə vaxt tam bərpa olunacağına dair məlumat yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazidəki qazıntı işlərinin və kommunikasıya xətlərinin çəkilməsinin onlara aidiyyəti yoxdur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən açıqlamada isə Binəqədi yolundakı işlərin tikinti şirkətinin sifarişi ilə podratçı tərəfindən icra edildiyi bildirilib: "Bu prosesin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqəsi yoxdur".

Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazidəki işlər müvafiq dövlət qurumları ilə razılaşdırılaraq həyata keçirilir: "Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin texniki şərtinə əsasən, qeyd edilən ünvanda yerləşən dövlət tərəfindən inşa edilmiş yaşayış komplekslərinə su və kanalizasiya xətlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınaraq sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb. İşin icrası zamanı nəqliyyatın hərəkəti dayandırılmayıb".

İsmayıl
Milli.Az