"Azərbaycan zəfəri" adlı konsert proqramı təqdim olunub.
Milli.Az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin 8 Noyabr Zəfər Gününə həsr olunmuş proqramı nümayiş olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mərkəzi İncəsənət Məktəbinin direktoru, fəlsəfə doktoru, professor Könül Hüseynova çıxış edərək 8 Noyabrın tarixindən, 44 günlük Vətən müharibəsindən və torpaqlarımızın işğaldan azad edilməsindən danışıb. O, Azərbaycanın müstəqillik və suverenlik yolunda keçdiyi şərəfli tarixi və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərin xalqımız üçün əhəmiyyətini vurğulayıb.
Tədbirin aparıcısı, nəzəriyyə şöbəsinin müdiri, musiqişünas Nərgiz Kərimova vətənpərvər ruhda şeirlər səsləndirib. Konsert proqramı şagirdlərin ifaları ilə davam edib, Azərbaycan və dünya bəstəkarlarının əsərləri ilə yanaşı vətənpərvərlik ruhunda musiqi əsərlərinə də geniş yer verilib. Gənc istedadların çıxışları böyük alqışlarla qarşılanıb.
Konsertdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər də iştirak ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az