GTA VI belə olacaq

1 Noyabr 2025 16:00

GTA VI-nın süjeti ilə bağlı yeni detallar açıqlanıb.

Milli.Az xəbər verir ki, yeni nəsil "Grand Theft Auto VI" oyununda hadisələr təbii fəlakətlə başlayacaq.

Bu barədə "Notebookcheck" nəşri "Reddit" platformasında yayılan məlumatlara istinadən xəbər verib.

Məlumata görə, "GTA VI" oyununa həsr olunmuş Reddit icmasının üzvləri süjetin başlanğıcında güclü fırtına və ya qasırğanın baş verəcəyini ehtimal edirlər. İstifadəçi yazıb ki, oyunun ikinci treylerində baş qəhrəmanlardan biri Ceyson evini təmir edir və bu səhnə çox güman ki, fırtınadan sonra baş verir.

"Düşünürəm ki, bu hadisə həm oyunun başlanğıcı, həm də Ceysonun oyunçulara ilk dəfə tanıdıldığı an ola bilər," - deyə o qeyd edib.

Həmçinin vurğulanıb ki, oyundakı hadisələr "Leonida" adlı ştatda cərəyan edir və bu məkan real həyatda Mayamiyə əsaslanır. Mayamidə isə tropik fırtınalar və qasırğalar tez-tez müşahidə olunur.

Notebookcheck yazır ki, "Rockstar Games" şirkəti əvvəlki oyunlarda da əsas personajları maraqlı və dramatik şəraitdə təqdim edib. Məsələn, GTA IV oyununda baş qəhrəman Niko Belik ABŞ-a gecə vaxtı gəmi ilə gəlir, GTA V-də isə hadisələr qış vaxtı baş verən silahlı soyğunla başlayır.

"GTA VI" oyununun 26 may 2026-cı ildə satışa çıxarılması planlaşdırılır. Yeni oyunda çox geniş və detallı virtual dünya olacaq. Oyunçular öz bank hesablarını idarə edə, müxtəlif onlayn xidmətlərdən və ünsiyyət vasitələrindən istifadə edə biləcəklər. "Rockstar Games" artıq bu sistemlər üçün bir neçə internet domeni də qeydiyyatdan keçirib.

İsmayıl
Milli.Az