Rəfiqəsi Güllünü qızının öldürdüyünü dedi

31 Oktyabr 2025 21:42

Məşhur türkiyəli müğənni Güllünün faciəvi ölümü ilə bağlı istintaq sənədlərinə yeni ifadələr daxil edilib. Əldə olunan yeni məlumatlar hadisənin gedişatını dəyişdirə bilər. İfadələrə görə, Güllünün qızı Tuğyan "Mən eləmişəm, amma çox peşmanam" sözlərini deyib və anasını itələyərək ölümünə səbəb olub. Evdə olan rəfiqəsi Sultan isə qorxduğuna görə hadisə barədə danışmayıb.

Milli.Az xəbər verir ki, hadisə ötən ay Yalovanın Çınarcık rayonunda baş verib. Əsl adı Gül Tut olan, sənət dünyasında "Güllü" kimi tanınan müğənni, qızı Tuğyan Ülkem Gülter və rəfiqəsi ilə birlikdə evdə olarkən binanın 5-ci mərtəbəsindəki bağlı eyvandan yıxılaraq həyatını itirib.

Türkiyənin "Sabah" qəzetinin məlumatına görə, Güllünün müntəzəm çıxış etdiyi məkanın sahibi Ferdi Aydın hadisədən sonra prokurorluğa müraciət edib. Onun sözlərinə görə, Güllü ölümündən qısa müddət əvvəl qızı Tuğyanın narkotik maddə istifadə etdiyini, övladına zor tətbiq etdiyini və evli bir kişi ilə münasibətdə olduğunu danışıb.

Aydın bildirib: "Güllü abla mənə dedi ki, əgər bir gün başıma bir iş gəlsə, bil ki, bunu qızım edib."

O, həmçinin ailədə miras və pul üstündə mübahisələrin yaşandığını, Güllünün ölümündən sonra isə oğlunun evə girib qutudakı qızılları götürdüyünü iddia edib.

Güllünün illərdir yaxın dostu olan Bircan Dülger də Tuğyanı 15 yaşından bəri tanıdığını deyərək, ana-qız münasibətlərinin illərdir gərgin olduğunu bildirib.

Dülgerin sözlərinə görə, Tüğan bir dəfə anasını mətbəx önlüyü ilə bağlayıb və "bu qadını öldürəcəyəm" deyib.

Bircan Dülger, Güllünün dəfnindən sonra Tuğyanla aralarında baş verən danışığı istintaqa təqdim edib: "Dəfndən sonra onadan soruşdum ki, ananla bağlı etdiklərinə görə peşmansan? O, isə cavab verdi ki, kaş bu dəfə də məni dayandıra biləydin. Mən eləmişəm, amma çox peşmanam."

Hadisə ilə bağlı prokurorluq istintaqı qətl ehtimalı üzərindən davam etdirir. 

Lalə Qüdrətova
Milli.Az