Azərbaycan Milli İncəsənət Muzeyi və Meksikanın Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Meksikanın ənənəvi "Ölülər günü" bayramına həsr olunmuş tədbir keçirilib.
Tanınmış mədəniyyət xadimlərinin, həmçinin ölkəmizdəki diplomatik korpusların rəhbər və nümayəndələrinin iştirak etdiyi mərasimdə Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero çıxış edərək "Ölülər günü" bayramının Meksika xalqı üçün əhəmiyyətindən və tarixindən danışıb. Səfir bu kimi tədbirlərin iki ölkə arasındakı mədəni əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin "Ölülər günü"nün mahiyyətcə Azərbaycanda qeyd olunan Novruz bayramına bənzədiyini qeyd edib və gələcəkdə "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" sərgisi çərçivəsində daha fərqli tədbirlərin keçiriləcəyini bildirib.
Tədbir zamanı T. İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdləri və digər uşaqlar üçün ustad dərsi təşkil olunub. Onlar bayrama aid təsvirləri sevimli rənglərlə boyayıb, daha sonra maskalar taxaraq "Ölülər günü" bayramına həsr edilmiş mahnılarla rəqs ediblər.
Bu tədbirdə qonaqlar Meksikanın simvolik xalq mərasimi ilə yaxından tanış olaraq ümumilikdə ölkənin zəngin mədəni irsi, rəngarəng bədii ənənələri haqqında maraqlı məlumatlar əldə ediblər.
Qeyd edək ki, hazırda Azərbaycan Milli İncəsənət Muzeyində məşhur meksikalı rəssamın yaradıcılığına həsr olunmuş "Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi" adlı sərgi ziyarətçilər üçün açıqdır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az