Braziliyada aparılan araşdırmalar zamanı Covid-19 və MERS virusları ilə genetik oxşarlıq daşıyan yeni koronavirus növü - "BRZ batCoV" aşkar edilib.
Milli.Az xəbər verir ki, virus Latın Amerikasında geniş yayılmış Pteronotus parnellii adlı "bığlı" yarasa növündə tapılıb.
Maranhao və San Paulo ştatlarında toplanan nümunələrin təhlili göstərib ki, "BRZ batCoV Sars-CoV-2", "MERS-CoV" və "SARS" viruslarını birləşdirən beta-koronaviruslar ailəsinə daxildir. Tədqiqatçılar virusun hüceyrələrə daxil olmağı asanlaşdıran sünbül zülalına malik olduğunu bildiriblər.
Maraqlıdır ki, bu xüsusiyyət əvvəllər Amerika yarasalarında müşahidə edilməyib və alimlər hesab edir ki, bu, Cənubi Amerika yarasa populyasiyalarında müstəqil təkamül nəticəsində yaranıb.
Osaka, Sao Paulo və Viskonsin-Madison universitetlərinin birgə apardığı araşdırmaya görə, virus MERS-ə bənzər xüsusiyyətlərə malik olsa da, tamamilə yeni bir nəsil yaradır.
Hazırda virusun insanlara keçdiyinə dair heç bir sübut yoxdur, lakin alimlər xəbərdarlıq edirlər ki, bu cür tapıntılar vəhşi təbiətdəki koronavirusların davamlı müşahidəsinin vacibliyini bir daha göstərir.
Milli.Az