Problemdən başqa heç nəyi olmayan qəsəbə

1 Noyabr 2025 14:12

Xəzər rayonunun Binə qəsəbəsində, "179-cu küçə" adlanan ərazidə yaşayan sakinlər bir sıra sosial problemlərlə üz-üzə qalıblar.

Milli.Az xəbər verir ki, sakinlərin əsas narazılığı yolların bərbad vəziyyətdə olması ilə bağlıdır. Onların sözlərinə görə, küçələrdə asfalt örtüyü yoxdur və toz-torpaq içində yaşamaq məcburiyyətində qalıblar.

Yolun vəziyyəti həm də nəqliyyat vasitələrinə zərər vurur. Sakinlər bildirirlər ki, avtomobilləri tez-tez xarab olur.

Ərazi sakinlərinin qarşılaşdığı digər problem isə məişət tullantıları ilə bağlıdır. Onlar qeyd edirlər ki, küçədə zibil qabları olmadığı üçün tullantılar boş sahələrə atılır və bu, həm üfunətə, həm də antisanitar vəziyyətin yaranmasına səbəb olur.

Sakinlərin sözlərinə görə, problemlər bununla bitmir, ərazidə nə kanalizasiya sistemi var, nə də su təchizatı şəbəkəsi:

"Evimin qarşısı zibilxanaya çevrilib. Heç kim gəlib zibil qabı qoymur, yola da baxan yoxdur", - deyə sakinlərdən biri narazılığını ifadə edib. 

Sözügedən problemlə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən açıqlama verildi ki, Dövlət İnvestisiya proqramına investisiya layihələri ilə bağlı təkliflərin daxil edilməsi ilə bağlı əlaqədar aidiyyatı qurumun məktubuna əsasən digər şifarişçi təşkilatın fəaliyyəti istiqamətinə aid olan təkliflərin müvafiq olaraq sahəvi təşkilatlara göndərilməsi təmin olunmalıdır. Həmin ərazi ilə bağlı müvafiq məlumatlar hazırlanıb və AAYDA-ya təqdim edilib.

Asya Hüseyn
Milli.Az