"Burada vəziyyət bərbaddır, hər kəs..." - Maştağada zibillər niyə daşınmır?

30 Oktyabr 2025 20:20

Paytaxtın Sabunçu rayonunun Gülçülük-Ramana massivində məişət tullantılarının toplanması ilə bağlı ciddi narazılıqlar var.

Milli.Az xəbər verir ki, ərazidəki zibil qabları dolub-daşır, küçələrdə tullantılar qalaqlanıb. Sakinlər bildirirlər ki, vəziyyət artıq dözülməz hal alıb.

"Burada vəziyyət bərbaddır, hər kəs boş yer görəndə zibilləri ora atır. Tullantı maşınları isə çox gec - bəzən həftədə bir dəfə gəlir. O zaman da sevinirik", - deyə sakinlərdən biri bildirib.

Digər sakinlər də oxşar narazılıqlar səsləndiriblər: "Qoxu evə qədər gəlir, belə şəraitdə yaşamaq çətindir. Küçələr zibilliyə çevrilib".

Bəzi sakinlər isə problemin yalnız təmizlik xidməti ilə bağlı olmadığını deyirlər:

"Bir çox insanlar məsuliyyətsiz davranır, zibili konteynerə deyil, elə yerə atırlar. Hətta maşından tullayıb gedənlər də olur".

Məsələ ilə bağlı Maştağa bələdiyyə sədrinin müavini Zakir Abdullayev bildirib ki, zibil daşınmasına jeklər baxır. 

Onun sözlərinə görə,zibillər daimi daşınır:

"Əgər hər hansı gecikmə olubsa, mən məlumat verərəm artıq daşımalarda daha diqqətli olsunlar". 

Asya Hüseyn
Milli.Az