Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli 2 ünvanında - sürüşmə zonasında yerləşən fərdi yaşayış ev qəzalı vəziyyətə düşüb.
Milli.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a həmin evin sahibi Famil Xudiyev məlumat verib.
Onun sözlərinə görə, evinin aktiv sürüşmə zonasında yerləşməsi ailə üçün təhlükəyə çevrilib. F.Xudiyev deyir ki, bütün sənədləri qaydasında olan evində son bir ildə çatlar əmələ gəlib.
Evdə yaşlı valideynlərinin, körpə övladının, eləcə də himayəsind əlil uşağın yaşadığını deyən mülk sahibi sözügedən problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Amma buna baxmayaraq, praktiki olaraq heç bir müsbət addım atılmayıb.
F.Xudiyev söyləyib ki, eyni səbəbdən qonşusunun qəzalı vəziyyətə düşən evinin sökülməsi ilə bağlı qərar verilib və kompensasiya ödənilib. O, ancaq eyni səbəbdən evinin qəzalı vəziyyətə düşməsinə rəğmən Suraxanı Rayon İcra Hakimiyyətinə etdiyi müraciətinə baxılmadığını iddia edir:
"Fövqəladə Hallar Nazirliyindən mütəxəssislər gəlib əraziyə baxış keçiriblər, evin söküntüsü ilə bağlı rəy veriblər və söküntü işlərinin icrasını icra hakimiyyətinə yönləndiriblər. Amma buna baxmayaraq, Suraxanı Rayon İcra Hakimiyyəti bizim müraciətlərimizə baxmaqdan imtina edir".
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə, eləcə də RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva ilə əlaqə saxlmağa çalışsaq da, o, çoxsyalı zənglərimizə cavab verməyib.
Milli.Az