Fəqan Məlikov BŞİH-dəki vəzifəsindən azad oluna bilər

30 Oktyabr 2025 14:34

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov müşavirə keçirib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, müşavirədə  Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib. Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib. 

Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikovun vəzifəsindən azad olunması gündəmə gətirilib.

Müşavirədə bununla əlaqədar Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəhbərinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılıb.

Eldar Əzizov qeyd edib ki, bu gün dövlət qulluqçularının əksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetirir. Lakin etik pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə halları tamamilə qəbuledilməzdir. O, vurğulayıb ki, bu cür davranış dövlət qulluğu prinsiplərinə ziddir və dərhal və obyektiv şəkildə qiymətləndirilməlidir.

Mehman Əsədov
Milli.Az