Dünya çempionunu qətlə yetirən şəxsə ağır cəza verildi

30 Oktyabr 2025 16:34

Sumqayıtda qonşular arasında baş verən dava zamanı MMA döyüş növü üzrə dünya çempionu Ceyhun Xəlifzadəni qətlə yetirməkdə və digər bir qonşusunu bıçaqlamaqda təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Məmmədov 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri, 76-cı məhəllədə baş verib.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Vüsal Məmmədov adıçəkilən məhəllədə olarkən 1992-ci il təvəllüdlü Zahir Novruz oğlu İsmayılov və digər qonşularla mübahisə edib. Mübahisə zamanı o, 1997-ci il təvəllüdlü Ceyhun Əşrəf oğlu Xəlifzadəni və Z.İsmayılovu bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya çatdırılsa da, C.Xəlifzadə xəstəxanada dünyasını dəyişib.

Milli.Az