Yeni "AirPods" problemli çıxdı

30 Oktyabr 2025 18:00

Yeni "AirPods Pro 3"lərdə problem aşkarlanıb.

Milli.Az xəbər verir ki, "BasicAppleGuy" bloqunun müəllifi yeni "AirPods Pro 3" qulaqlıqlarında qeyri-adi defekti üzə çıxarıb.

Onun sözlərinə görə təyyarədə uçuş zamanı qulaqlıqlar yüksək xışıltı səsi verməyə başlayıb və bu, aktiv səs-küyün azaldılması funksiyasından istifadəni mümkünsüz edib.

Bu təxminən 12 km yüksəklikdə baş verib. Halbuki torpaq səviyyəsində cihaz normal işləyib, səs-küyün azaldılması, rahat taxılması və keyfiyyətli səs təmin edilib. Ambuşürlərin dəyişdirilməsi də problemi həll etməyib və növbəti uçuşda vəziyyət təkrarlanıb.

Bloqer qeyd edir ki, problemin səbəbi təyyarə kabinəsindəki təzyiqin dəyişməsi ola bilər və bu, səs-küyün azaldılması sisteminə təsir göstərir.

Qeyd edək ki, "Reddit"də də oxşar şikayətlər var. Şirkət isə bu barədə hələ rəsmi açıqlama verməyib.

İsmayıl
Milli.Az